Qoxu vǝ Dad Möcüzǝsi

Həyatımızın hər anında fərqli qoxularla təmasda oluruq. Hətta "qoxular dünyası" nda yaşadığımız deyilə bilər. Ətrafımızdakı çiçəklərdən, ağaclardan, qidalardan, heyvanlardan, sənaye məhsullarından, bakteriyaların səbəb olduğu formalardan və digər insanlardan qaynaqlanan qoxular bizi hər tərəfdən əhatə edir.

Minlərlə növdən ibarət olan qoxular dünyasına baxdığımızda, olduqca diqqət çəkici və maraqlı bir nöqtə gözə çarpar. Zövqlərimiz ilə qoxular arasında çox əhəmiyyətli bir tarazlıq və uyğunlaşma vardır. Qısacası, bizə faydalı olan maddələrin qoxuları xoşumuza gələr, bizə zərərli olanlar isə qoxularıyla bizi uzaqlaşdırarlar.

Orqanizmimizə faydalı olan qidalardan gələn qoxular bizdə xoş hisslər oyandırır və o maddələrə qarşı maraq duymamıza gətirib çıxarır. Qarnımız ac vəziyyətdəykən bişən yeməyin qoxusu bizi yemək yeməyə təşviq edər; beləcə həm yeməkdən zövq alarıq, həm də bədənimizin ehtiyaclarını qarşılamış olarıq. Digər tərəfdən, orqanizmimiz qəbul etdiyimiz maddələri həzm etməklə məşğulkən və yeni bir qidaya ehtiyac duymazkən, yemək qoxusu bizə yenə cazibədar gəlməyəcək.

Pis qoxu olaraq adlandırdığımız qoxuların qaynaqları isə, ümumiyyətlə, bizim üçün zərərli maddələrdir. Zəhərli kimyəvi maddələri pis qoxularından rahatlıqla tanıya bilərik. Bakteriyaların fəaliyyəti nəticəsində meydana gələn pis qoxular da bizi xəbərdar edərək o maddələrdən uzaq durmağımızı təmin edərlər. Çürümüş bir meyvənin və ya xarab olmuş bir yeməyin ətrafa yaydığı dözülməz qoxular insanları təhlükəyə qarşı xəbərdar edərlər.

Qoxulardakı bəhs etdiyimiz tənzimləmənin insan sağlamlığı baxımından zəruri bir əhəmiyyəti olduğu müzakirə edilməzdir. Ümumi bir qayda olaraq, təhlükəli və ya zərərli maddələr pis qoxarlar və beləcə, dərhal ayırd edilərlər. Məsələn, cəfəri, zəhərli olan xallı badyana görünüş olaraq çox bənzəyər. Lakin qoxuları bir-birlərindən tamamilə fərqlidir. Cəfərini özünə xas qoxusu, xallı badyanın isə son dərəcə narahatedici, pis qoxusu vardır. Bu sistem olmasaydı, xallı badyanı cəfəri zənn edərək yeyə bilər və ya zəhərli bir kimyəvi birləşməni meyvə suyu sanaraq içə bilərdik. Yaşadığımız hər gün boyunca zəhərlənmə təhlükəsi ilə iç-içə yaşayardıq. Buna tədbir olaraq da, hər halda əlimizdə nəyin faydalı, nəyin zərərli olduğunu açıqlayan siyahılar və kitablarla gəzmək məcburiyyətində qalardıq.



Kainatın hər nöqtəsində görülən həssas tarazlıqlar, iybilmə sistemində də özlərini bəlli edərlər. Hər canlının iybilmə tutumu olduğu mühitə və ehtiyaclarını qarşılamağa istiqamətli olaraq təşkil edilmişdir. İnsana nəzər salaq. Əgər iybilmə hissiyatımız daha az olsaydı, bizim üçün təhlükə meydana gətirən vəziyyətləri fərq edə bilməzdik. İybilmə hissiyatı bir itdəki qədər güclü olsaydı, hər an diqqətimizi dağıdan və olduqca narahatlıq verən vəziyyətlər ortaya çıxardı; bəlkə də həyat bir kabusa bənzəyərdi. Haqqında bəhs etdiyimiz tarazlıqlar qoxu molekullarının quruluşlarında da görülə bilər. Məsələn, normal şərtlərdə bizə gözəl görünən bir qoxu yüksək konsentratda olduğunda xoşumuza gəlməz. Nümunə olaraq, bitkilərin qoxuları bağçada olduqca təsirlidir, ancaq eyni bitkilərdən hazırlanan ağır bir ətir narahat edicidir. Bu da onların insan üçün ideal nisbətdə yaradıldıqlarının bir göstəricisidir.

Qoxu ilə əlaqədar hər incəliyin insan həyatı üçün xüsusi olaraq yaradıldığı və Allahdan bir nemət olduğu açıqdır. Bu nemətin böyüklüyünü anlaya bilmək üçün bir anlığa hal-hazırdakı sistemin tam əksini düşünək. Təbiətdəki bir çox yemək bizim üçün zəruri əhəmiyyət daşımasına baxmayaraq pis, hətta iyrənc qoxulara sahib ola bilərdi. Bir düşünün; su benzin kimi, çörək kiflənmiş bir yemək kimi, pendir də tullantı maddə kimi iy versəydi nələr olardı? Nə qədər ac və susuz olsaq da, bunları yemək və içmək bir xeyli əzab verərdi. Hətta ən sevdiyimiz yeməkləri yemək, iyrənc qoxuları səbəbiylə iztiraba çevrilər və dözülməz bir hal alardı.

Doğulduğumuzdan bəri birlikdə yaşadığımız qoxular, qəflət içindəki insana təbii və özbaşına meydana gəlmiş kimi görünə bilər. Yuxarıdakı incəlikləri dərin bir şəkildə düşünənlər isə açıq-aşkar həqiqəti bilməkdə gecikməyəcəklər: Ehtiyac duyduğumuz yeməkləri və bitkiləri sahib olduqları cazibədar qoxularla birlikdə yaradan Rəhman və Rəhim olan Allahdır. Sonsuz lütf sahibi olan Rəbbimiz, orqanizmimizin hər sistemində olduğu kimi qoxu almağı da bizim rahatlığımıza uyğun olaraq yaratmışdır. Sonsuz mərhəməti və şəfqəti ilə, bizə faydalı olan şeyləri sevdirmiş, zərərli olanları çirkin göstərmişdir. Bizə düşən, iylədiyimiz gözəl qoxuları Allahın yaratdığını və bizlərə lütf etdiyini düşünüb şükür etməkdir. Bu gözəl davranışı göstərənlər, Allah istəsə, bəhs etdiyimiz nemətlərin əsillərinə sonsuz olaraq cənnətdə qovuşacaqlar. Allahın nemətlərini yalan hesab edib nankorluq edənlər isə, cəhənnəmdə özləri üçün xüsusi olaraq hazırlanmış irin və qan qarışığını, darı tikanını və qaynar suyu tapacaqlar. Bunlar Quranda bildirilən və qəti olaraq reallaşacaq ilahi vədlərdir.

İnsan Bədənindən Qaynaqlanan Qoxuların Xatırlatdıqları


İnsan, qısa bir müddət ac qalsa, bir az sürətli gəzəndə və ya pilləkənlə çıxdığında, ya da gündəlik işlərini etmək üçün hərəkət etdiyində əgər lazım olan tədbirləri görməzsə, bədənində xoş olmayan qoxular əmələ gələ bilər. Heç hərəkət etməsə belə, duş qəbul etmədiyi və özünə baxmadığı təqdirdə, qısa zamanda ayağından saçına qədər bütün bədəni çirklənər və bu da istənilməyən qoxulara səbəb olar. Əlbəttə, kainatdakı hər şeyin müəyyən bir yaradılış məqsədi olduğu kimi, insan bədənində yaranan bu pis qoxuların da bir çox hikməti vardır.

Əgər Allah istəsəydi, iybilmə duyğusunu pis qoxuları qəbul etməyəcək şəkildə yarada bilərdi və ya hər qoxunu insanın xoşuna gələcək şəkildə var edə bilərdi. Yaxşı, bəhsi keçən bəyənilməyən qoxuların yaradılış hikmətləri nələr ola bilər?

Şübhə yoxdur ki, bunlar insan üçün acizlik və çatışmazlıqdır. İnsan bədəninə aid bu cür nöqsanlar, insanın özünün yoxdan yaradıldığını, hər cür qüsurdan münəzzəh olanın isə yalnız Allah olduğunu düşünməsinə səbəb olur. Onun ucalığını və Ona möhtac olduğunu daha yaxşı qavrayar. İnsan nə qədər özünə baxarsa baxsın, qısa müddət sonra təkrar təmizlənmək ehtiyacı hiss edəcək. Çünki açıq gözlə görülməyən bakteriyaların dövrəyə girməsiylə qısa müddətdə yenə narahatedici qoxular meydana gəlməyə başlayacaq. Bu vəziyyət dünyanın müvəqqəti və qüsurlu, axirətin isə sonsuz və qüsursuz olduğunu xatırladır. Dünyanın aldadıcılığına aldanmağın düzəlişinin mümkün olmadığını ağıla gətirər. Heç bir pis qoxunun olmadığı və möminlərin yeni bir yaradılışla yaradılacaqları əbədi cənnət yurdunu təfəkkür etməyə vəsilə olur. Həmçinin inkarçılar üçün xüsusi olaraq hazırlanmış cəhənnəmdəki pis qoxuların nə qədər dözülməz olacağı müqayisə yolu ilə daha yaxşı aydın olar.

Pis qoxuların xatırlatdığı digər bir həqiqət də, insanın nə lovğalanacaq, nə də qürurlanacaq bir fiziki üstünlüyünün olmadığıdır. İnsan acizdir, hər cür çatışmazlıqları var və bu acizliklərini aradan qaldırmaq üçün nə qədər səy sərf edərsə etsin, müvəffəqiyyətli ola bilməyəcək. Ən gözəl insan da, ən müvəffəqiyyətli iş adamı da, ya da ən üstün zəkalı elm adamı da eyni acizliklərlə qarşı-qarşıyadır.


Dərhal xatırladaq; palçıqlı torpaqdan çıxan, külək, yağış və toza qarşı müdafiəsi olmayan güllər tərtəmiz, sözlərlə ifadə edilə bilməyəcək qədər cazibədar qoxarlar. Gözəl qoxulu bitkilər, hər cür mənfi hava şəraitinə məruz qalmalarına baxmayaraq xüsusi bir təmizlik tələb etməzlər. Çünki Allah onları xüsusi bir yaradılışla, heyranlıq oyandıracaq şəkildə yaratmışdır. Belə ki, gözəl, təmiz və baxımlı bir şeyi təsvir edərkən, onu çiçəyə bənzədərik. Belə bir vəziyyətdə, insanın təkəbbür duyğusuna qapılması nə qədər mənasız olduğu açıqdır.

Nəticə olaraq bunu söyləmək mümkündür: Düşünən insanlar üçün, pis qoxular da kainatın hər bir təfərrüatındakı milyonlarla yaradılış dəlili kimi, ömür boyunca ibrət verici və xatırladıcıdır. Bunun üçün tək lazım olan şey dərin düşünməkdir. Allah, bir ayədə belə buyurur:


Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, Onun bütün heyvanatı yer üzünə yaymasında, küləklərin istiqamətinin dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır.(Bəqərə surəsi, 164)


Qoxulardakı Şəfa


Bitki şirələrindən və ya yağlarından əldə edilən şirələr, minlərlə ildir müalicə məqsədli olaraq istifadə edilir. Bu üsul, fərqli qoxuların insan üzərində fərqli təsir meydana gətirməsinə əsaslanır. Dövrümüzdə EEG (elektroensefaloqrafi) üsuluyla, yəni beyindəki elektrik siqnallarını təsbit edən elektrodlarla aparılan təcrübələr bəzi şirələrin beyində onlardan ümid edilən istiqamətdə dəyişikliklərə yol açdığını gösdərmişdir.Bəzi qoxuların tənəffüs edilməsi, beyində təsbit edilə bilməyən bir qisim sistemləri hərəkətə keçirir. Bunun nəticəsində ürək döyüntüsünə, qan təzyiqinə, tənəffüsə, yaddaşa, stress səviyyəsinə və bəzi hormonlara təsir edən dəyişikliklər meydana gəlir.

Yaxşı, bitkilər insan sağlamlığı baxımından hansı şirələrin faydalı olacağını necə bilə bilərlər? Şəfa verici aromaları düzəldəcək son dərəcə inkişaf etmiş kimya laboratoryalarını öz bünyələrində necə meydana gətirə bilərlər? 500-ə qədər fərqli kimyəvi maddələri özündə toplayan və olduqca kompleks kimyəvi quruluşlara sahib olan qoxu molekullarinı necə ifraz edə bilərlər? Necə olur ki, xoş qoxularını, heç tanımadıqları və fəaliyyətini bilmədikləri iybilmə sisteminin qəbul edəcəyi sərhədlərdə ifraz edərlər? İnsan üçün ən ideal konsentratı necə təsbit edərlər?

Mövzuya digər istiqamətdən baxdığımızda isə bu suallarla qarşılaşırıq: İnsandakı qoxu duyğusu, minlərlə bitkinin özlərinə xas aromalarını ayırd edə biləcək qabiliyyətə necə sahib ola bilər? Qoxu alıcı hüceyrələr ən kiçik bir məlumat sahibi olmadıqları aromaların molekullarını daha ilk qarşılaşmalarında necə tanıyırlar? Şüursuz zülallar, hüceyrələr və sinirlər öz aralarında, bitkilər aləminin baş döndürücü şirələri düzəldəcək fövqəladə kompleks sistemləri necə qura bilərlər?

Sualların cavabları heç bir şübhəyə yer buraxmayacaq qədər açıqdır: Bitkilərin xoş qoxular çıxaran mexanizmlərini və bunları qəbul edəcək iybilmə sistemini qüsursuz bir uyğunlaşma içində yaradan, bitkiləri şəfa vəsiləsi edən aləmlərin Rəbbi olan Allahdır. Quranda, gözəl qoxulu bitkilərin nemət olaraq yaradıldıqları belə bildirilir:


O, yeri məxluqat üçün döşədi. Orada meyvələr və salxımlı xurma ağacları vardır. Həmçinin saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? (Rəhman surəsi, 10-13)


İnsanın sahib olduğu möhtəşəm nemətlər qarşılığında necə davranmalı olduğu bir ayədə belə ifadə edilir:


De: “Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür edirsiniz!”(Mülk surəsi, 23)


 << Geri