Qoxu vǝ Dad Möcüzǝsi

İnsanlar ilə heyvanların, burunlarından istifadə məqsədləri fərqlidir. Heyvanlar aləmindəki canlılar, iybilmə orqanlarını ümumiyyətlə yemək axtarmaq, ovlamaq, öz aralarında xəbərləşmək, istiqamət tapmaq, qarşı cinslərinin, balalarının yerini təyin etmək üçün istifadə edərlər. Quşlar, məməlilər, sürünənlər, balıqlar, böcəklər və digər heyvanlar yaşadıqları mühitlərə ən uyğun iybilmə sistemləriylə təchiz edilmişlər.

Bu bölməni oxuyarkən bu həqiqətləri də göz qarşısında saxlamaq yerində olacaq: Bu canlılar iybilmə sistemlərinə necə sahib olmuşlar? Canlıların iy bilmələri lazım olduğunu düşünərək, bədənlərindəki mükəmməl iybilmə sistemlərini özlərinin inşa etdiyini, ya da bu qüsursuz sistemin canlılarda təsadüfən meydana gəldiyini irəli sürmək son dərəcə ağılsız və məntiqsiz bir iddia olacağı açıqdır. Əlbəttə, nə canlıların özləri, nə də təsadüflər belə möcüzəvi sistemləri bir yerə gətirə bilməzlər. Qaldı ki, XXl əsrin qabaqcıl texnoloji şərtlərində, elm adamlarının, tədqiqatçıların və mühəndislərin bütün səylərinə baxmayaraq bu xariqüladə sistemlərin bənzərləri heç bir şəkildə düzəldilə bilməz. Bu canlıların qoxu duyğularına necə sahib olduqlarına gəlincə, bunun ağıla və məntiqə uyğun tək bir şərhi vardır: Yaradılış.

Heyvanların yaradılışlarından dərs alınmalı olduğu Quranda belə bildirilir:

Sizin üçün heyvanlarda da əlbəttə ibrətlər vardır ... (Nəhl surəsi, 66)

Həqiqətən, heyvanlarda da sizin üçün bir dərs (ibrət) vardır ... (Muminun surəsi, 21)


Qoxu Mütəxəssisləri: İtlər


Küçədə gedən bir insan ilə gəzdirdiyi itinin qəbul etdikləri qoxular eyni deyil. İt, sahibinin fərqinə varmadığı qoxulardan olduğu mühit ilə əlaqədar çox ətraflı məlumat əldə edər. Digər itlərin buraxdıqları qoxuları və ətrafdakı insanların özlərinə xas qoxularını təhlil edərək onlar haqqında məlumat toplayar. Havadakı ən kiçik nisbətlərdəki qoxuları belə çətinlik çəkmədən təsbit edər.

İtlərin qoxulara qarşı fövqəladə həssas burunları vardır. Bəzi it növlərinin qoxu həssaslığı insanlardakının bir milyon qatıdır. Bir neçə rəqəm bu xüsusi dizaynı gözünüzdə canlandırmağa kömək olacaq. Burunda sahib olduğumuz ümumi 5 kvadrat santimetr olan qoxu bölgəsinin böyüklüyü, itlərdə 150 kvadrat santimetrə qədər yüksəlir. İtlərin burunlarındakı qoxu hüceyrələrinin sayı da bizimkilərdən qat-qat çoxdur. Məsələn, bir tülkü teryerində 147 milyon, bir alman çoban itində 225 milyon qoxu alıcı hüceyrələr mövcuddur.

Bəhsi keçən xüsusiyyətləri səbəbiylə itlər, insanların və inkişaf etmiş elektron cihazların bacarmayacağı işləri bacararlar. Narkotik maddələri, qaçaq malları, itkin insanları, partlayıcı maddələri, ov heyvanlarını, günahkarları, fəlakətə uğramış kəsləri tapmaqda heyvanların bu üstün xüsusiyyətlərindən faydalanılır. Məsələn, iybilmə duyğusu qüvvətli it növü olan "Bloodhound", qoxu duyğusunu istifadə edərək heç bir əlamətin görülmədiyi bölgələrdə iz axtara bilər, dörd günlük bir izi təqib edə bilər65 və bir insanın izini 80 kilometrdən daha çox axtara bilər.

Gözə dəyən bir nöqtə də, yer üzündəki saysız qoxuya baxmayaraq itlərin səhv etməmələridir. Belə ki, bir çox qoxu arasından axtardıqlarını rahatlıqla seçə bilərlər. Aparılan təcrübələrdə öyrədilmiş bir itin, skuns qoxusu püskürdülmüş əşyalar arasında ondan istəniləni tapdığı görülmüşdür.67

"Schlieren şəkil çəkmə texnikası" ilə itlərin nəfəs alıb verərkən fərqli bir üsul istifadə etdikləri aydın olmuşdur: Bir şey iyləyən it nəfəs verərkən burnunu oynadır, beləcə hava yan tərəfdəki yarıqlardan arxaya doğru gedir. Bu xüsusi dizayn sayəsində itin çölə verdiyi hava, qoxunun mənbəyindən fərqli bir istiqamətə axır. Beləcə, nəfəsdəki hava ilə qoxunun qarışmasının qarşısı alınır.



Hələ də tədqiqatçılar itin burnunda və beynindəki kompleks qoxu analizini anlayaraq yeni cihazlar yaratmağa çalışırlar. Dövrümüzdə xüsusilə bombaları, minaları və zəhərli maddələri təsbit edə bilmək üçün bu kimi elektron alətlərə böyük ehtiyac duyulur. Ancaq icad olunan cihazlar hələ də itlərin iybilmə həssaslığına sahib deyil.


Balıqlarda İybilmə


İybilmə demək olar ki, balıqların hamısı üçün vacibdir. Balıqlardakı qoxu bölgəsi burunlarının arxa səthində yerləşir. Sudakı həll olunan qoxu molekullarını təqib edərək yeməklərini taparlar. Həmçinin, qoxu hissiyatları onları təhlükələrə qarşı xəbərdar edər; balıqlar yaralanmış bir balığın qoxusunu aldıqlarında həyəcan vəziyyətinə keçərlər.

Bir köpək balığı insanlardakı kimi burun dəliklərinə sahibdir, lakin onları yalnız iy bilmək üçüm istifadə edərlər. Üzərkən, burun dəliklərindən girən sudakı molekulları təhlil edər. Beyninin təxminən üçdə biri iybilməyə ayrılmışdır.

Köpək balıqlarındakı iybilmə mexanizmi tamamilə özünə xasdır. Bunun sayəsində, qoxunu qaynağına qədər təqib edə bilər; dənizdəki bir damcı qanın, digər heyvanlardan qaynaqlanan çox kiçik nisbətlərdəki kimyəvi maddələrin qoxusunu ala bilərlər. Məsələn, bir hovuz dolusu suyun içindəki 10 damcı tuna balığının qoxusunu hiss edə bilərlər.

İlan balığının qoxu həssaslığı da son dərəcə yüksəkdir. Bir ilan balığı böyük bir göldəki yalnız bir üskük miqdarı kimyəvi maddənin belə qoxusunu hiss edə bilir.

Qoxu hissiyatı ən çox tədqiqat mövzusu olan balıqlardan biri də qızılbalıqlarıdır.


Qızılbalığın Burnundakı Kompas


Köç deyilincə, ümumiyyətlə, quşların mövsümlərə görə yer dəyişdirmələri ağıla gəlir. Halbuki, yalnız havada deyil, quruda və dənizdə də köç edən bir çox canlı mövcuddur. Qızılbalıq da bunlardan biridir. Qızılbalıq balaları qış aylarının sonunda axar sularda yumurtalardan çıxarlar. Bəzi növləri yumurtadan çıxan kimi, bəziləri bir neçə həftə bəsləndikdən sonra, bəziləri isə axar sularda bir neçə il keçirdikdən sonra dənizə və okeana doğru köç edərlər. Açıq dənizlərdə bir neçə il keçirən və çoxalma yetkinliyinə çatan qızılbalıqlar bu dəfə insanı təəccübləndirən bir səfər daha edərlər.

Qızılbalığın bu köçündəki hədəfi özünün yumurtadan çıxdığı yer, məqsədi də burada yumurtalarını buraxmaqdır. Bu səfəri ilkinə nisbətən çox daha çətindir. Çünki çayın güclü axıntısına qarşı üzər, sıçrayaraq astanaları və şəlalələri aşar. Hər qızılbalıq dünyaya gəldiyi çay yatağına, ya çay qoluna çatmaq üçün yüzlərlə hətta minlərlə kilometr qət edər. Qırmızı qızılbalıqlar dənizdə və axar suda ümumi 1600 kilometrdən çox irəliləyərlər. Kral qızılbalıqlar və köpək qızılbalıqlar Yukon çayında 3200 kilometrdən daha çox üzərlər. Atlantik qızılbalıqları köçü hər il təkrarlayarlar; digər növlərsə həyatlarında yalnız bir dəfə bunu həyata keçirərlər. (Burada, qızılbalıqların fövqəladə köçünün yalnız əlinizdəki kitabın mövzusuyla əlaqədar hissəsi araşdırılacaq.)

Qızılbalığın bu çox uzun və zəhmətli səfərini reallaşdırarkən xəritə və ya kompas kimi istiqamət tapmasına köməkçi olacaq bir vasitəsi yoxdur. Bu mövzuda hər hansı bir təhsil də almış deyil. Buna baxmayaraq, erkən dövrlərində üzdüyü çayın dənizə tökülən ağzını asanlıqla tapar; çayın çox saydakı qolu arasından özünü doğulduğu yerə aparacaq olanları səhv etmədən seçər. Qızılbalıq inanılmaz görülən bu işləri bacarar. Çünki istiqamət təyin etmə hissiyatı kimi işləyən mükəmməl bir iybilmə sisteminə malikdir.


Qızılbalıqların bu qabiliyyətləri ilk olaraq 1970-ci illərdə aparılan bir təcrübə ilə ortaya çıxarılmışdır. Wisconsin Universitetindən Allan Scholz gümüş qızılbalıqları iki fərqli qoxulu kimyəvi maddədən birinə məruz qoymuş, daha sonra da balıqları işarələyərək buraxmışdır. İki il sonra, qızılbalıqların yumurtlama zamanı gəldiyində, balıqların sərbəst buraxıldığı yerin dərhal yaxınlarındakı bir çay qolunu kimyəvi maddələrin biriylə, digər bir çay qolunu da kimyəvi maddələrin digəriylə qoxulandırmışlar. Müşahidə edilmişdir ki, qızılbalıqlar gəncliyində hansı qoxunu qəbul etdilərsə yenə o qoxunun olduğu yerə qayıtmışlar.

Qızılbalıq iki dəlikli bir buruna sahibdir. Su bir dəlikdən girər, digərindən çıxar. Bu dəliklər balığın nəfəs alması ilə eyni vaxtda olaraq açılıb bağlanacaq şəkildə dizayn edilmişdir. Beləliklə, qızılbalıq suda olan həll olunmuş haldakı qoxu molekullarını yerindəcə təhlil edir. Hər çay qolunun, bitkilər, heyvanlar və torpaqdan qaynaqlanan özünə xas qoxusunu hiss edir, hələ bir balaykən dənizə etdiyi səfərdə qoxu yaddaşına yazdıqları ilə müqayisə edərək köçünü tamamlayar. Qısacası, iybilmə duyğusu, minlərlə kilometrlik səfərində, mütəxəssis bir rəhbər kimi qızılbalığa yol göstərir.

Şübhəsiz ki, qızılbalığın qoxu hissiyatının həssaslığı, Allahın yaratmasındakı ehtişamı gözlər önünə sərən saysız dəlildən biridir. Allah bir ayəsində belə bildirmişdir:


Göylərin və yerin yaradılması ilə onlarda hər canlıdan artırıb yayması Onun dəlillərindəndir. Və O, istədiyi vaxt onların hamısını toplamağa qadirdir. (Şura surəsi, 29)


Quşlarda İybilmə


Dövrümüzdən 30 il əvvəl elm çevrələrində, quşların demək olar ki, heç iy bilmədikləri düşüncəsi hakim idi. Ancaq daha sonra bunun səhv olduğu aydın oldu. Tədqiqatlar, nisbi olaraq kiçik qoxu soğancıqlarına sahib quşların belə qoxuları qəbul etdiklərini göstərdi. Quşlar, yemək axtararkən, yuvalarında istifadə edəcəkləri vəsaitləri seçərkən, özlərinə yad olan ucsuz-bucaqsız ərazilər üzərində gəzərkən iybilmə duyğusundan istifadə edərlər. Aşağıdakı sətirlərdə quş və qoxu mütəxəssislərinin apardıqları bəzi tədqiqatların nəticələrinə yer veriləcəkdir.

Bəzi kərkəs növləri leşlərin yerini ətrafa yaydıqları qoxulardan təsbit edərlər. Hətta kərkəslərin təbii qaz boru xətlərindəki qaz sızan yerlərin üzərində dairələr çəkərək uçduqları müşahidə edilmişdir. Bu davranışın səbəbini təxmin etmək çətin deyildir. Kərkəslər, təbii qaza qatılan və leş kimi iy verən xüsusi bir kimyəvi maddənin qoxusunu hiss edirlər.

Fərqli göyərçin növləri, beyinlərində fərqli ölçülü iybilmə bölgələri və soğancıqlarına sahibdirlər. Bununla yanaşı, laboratoriyada aparılan təcrübələrdə, hər quşun qoxulara müəyyən bir reaksiya göstərdiyi aydın olunmuşdur. Uzun məsafələrdən buraxıldıqları halda hinlərinə dönən göyərçinlər görmə hissiyatlarıyla yanaşı qoxu hissiyatlarını da istifadə edirlər. Burun dəlikləri tıxanaraq qoxu almalarına maneə törədilən göyərçinlərin yuvalarına dönməkdə müvəffəqiyyətsiz olduqları dəfələrlə sübut edilmişdir. Göyərçinlərin yuvalarına yaxın yerlərdə əsasən vizual işarələri, tanış olmadıqları mühitlərdə isə daha çox küləklərin daşıdığı qoxuları qiymətləndirdikləri düşünülür. (Bunlara əlavə olaraq, göyərçinlər dünyanın maqnit sahəsini də hiss edərək yollarını tapa bilərlər.)

Avropadakı sığırçın quşları yuvalarını inşa edərkən, zərərli mikrob və parazitlərin meydana gəlməsinin qarşısını alan bitkiləri seçərlər. Belə bitkiləri də iyləyərək taparlar.

Cənub qütbündə yaşayan quşların qida qaynağı olan canlı mənbələri tez-tez yer dəyişdirirlər. Üstəlik, bunların yerini təyin etməyə köməkçi olacaq vizual işarələrin sayı çox azdır. Bu səbəbdən, bu bölgədə yaşayan quşların ovlarını gözləriylə tapmaları, samanlıqdakı hərəkətli bir iynəni tapmaq qədər çətindir. Ancaq qütb quşları xüsusi bir iybilmə təchizatıyla yaradılmışlar; qoxuları təqib edərək ovlarının yerlərini təyin edərlər. İybilmə hissiyyatları, cənub qütbünün çətin şərtlərində yeməklərini təmin etmələrinə imkan yaradar.

Mütəxəssislərə görə, quşlardakı iybilmənin təfərrüatlarını anlaya bilmək üçün daha çox tədqiqat və təcrübə aparılmalıdır. Şübhəsiz, yeni elmi işlər quşların qoxu hissiyyatlarındakı bilinməyən möcüzələri də gün işığına çıxaracaq. Quşlardakı ilahi işarələr Quranda belə bildirilir:

Məgər onlar Allaha tabe olub havada uçan quşları görmürlərmi? Onları havada saxlayan ancaq Allahdır. Həqiqətən, bunda iman gətirən insanlar üçün dəlillər vardır. (Nəhl surəsi, 79)


Qoxu Kəşfiyyatçıları: Ağcaqanadlar


Yalnız iybilmə hissiyyatınızı istifadə edərək sizdən 64 kilometr uzaqdakı bir qoxunun qaynağını tapa bilərsinizmi? Təbii ki, xeyr; bu qədər uzaqdan gələn bir qoxunu hiss edə bilməyəcəyiniz üçün qaynağını tapmanız da mümkün deyil. Ancaq ağcaqanadlar sizin üçün qeyri-mümkün olan bu işin öhdəsindən gələ bilirlər.

Bəhs etdiyimiz həqiqət Florida Universitetindən professor Jerry Butlerin elmi işləriylə ortaya çıxmışdır. Bilindiyi kimi, dişi ağcaqanadın, yumurtalarının inkişafı üçün qana və özünün istehsal etmədiyi kimyəvi maddələrə ehtiyacı vardır. Bu kimyəvi maddələr arasında xüsusilə xolesterol və B vitamini sayıla bilər. Bunları da insanlar və ya heyvanlardan təmin edər. Professor Butlerin araşdırmaları göstərmişdir ki, dişi ağcaqanadın qanını əməcəyi ovunun seçimi təsadüfi deyil. Dişi ağcaqanad bəhs etdiyimiz ehtiyaclarını ən yaxşı şəkildə qarşılayacaq olan canlıları seçər. Bu canlıların yerini də əvvəlcə iybilmə duyğusunu istifadə edərək müəyyən edər. Butlerə görə, ağcaqanadlar elə ixtisaslaşmış bir qoxu hissiyyatına sahibdirlər ki, insan bədənindən havaya yayılan kiçik miqdardakı kimyəvi maddələri təyin edə bilər.

İnsan bədənindən qaynaqlanan qoxular, nəfəs ilə birlikdə çölə verilən karbondioksid qazı və digər qoxular havada yayılır. Dişi ağcaqanad da məhz bu qoxuları təyin edəcək təchizata malikdir. Qoxu molekulları boyunca ziqzaq edərək ovunun yerini rahatlıqla tapar. Bunun ardından da bədənindəki həssas istilik qəbuledicisi ilə damarın yerini qəti bir şəkildə təsbit edər.

Əlbəttə, 1 santimetrlik bir canlının kilometrlərlə uzaqdakı ovunun yerini iyləyərək tapması, hətta bu qoxunu təhlil etməsi diqqət çəkicidir. Ağcaqanadın son dərəcə inkişaf etmiş iybilmə sistemi, bədənindəki böyük təchizatlardan yalnız biridir və insanın Allahın qüsursuz sənətini bir daha fərq etməsini təmin edəcək əhəmiyyətli bir yaradılış həqiqətidir. Bəzi insanlar tərəfindən fövqəladə bir canlı olaraq görülən ağcaqanadın kiçik bədənindəki iybilmə sistemi sərhədsiz yaradılış dəlillərindən biridir. Ağcaqanadın nə qədər əhəmiyyətli bir nümunə olduğu Quranda belə bildirilir:

Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən gələn haqdır. Küfr edənlər isə deyirlər: “Bu məsəllə Allah nə demək istədi?” Halbuki O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır. (Bəqərə surəsi, 26)

Ağcaqanadın sahib olduğu mükəmməl iybilmə duyğusunun, üstün uçuş mexanizminin və digər sistemlərinin tək bir şərhi vardır. Demək olar ki, hər gün qarşılaşılan lakin əhəmiyyət verilməyən ağcaqanad, dizayn möcüzəsi sistemlərlə doludur və tək başına əhəmiyyətli bir yaradılış dəlilidir. Allah Həcc surəsində bu şəkildə bildirir:


Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. Bunu etmək istəyən də aciz qalar, istənilən də! (Həcc surəsi, 73)


Güvələrin Heyrətamiz Bacarığı


Güvələr, qütb bölgələri ilə okeanlar xaric dünyanın demək olar ki, hər yerində yaşayan və bir milyona yaxın növü olduğu düşünülən böcəklərdir. Bu kiçik canlının iybilmə orqanı olaraq vəzifəsini yerinə yetirən üzvləri başındakı iki antenasıdır. Hər bir antenada yüzlərlə kiçik tük vardır; tüklərin üzərində də qoxu alıcı hüceyrələr olur. Antenalarındakı xüsusi dizayn güvəni əsl qoxu mütəxəssisi edər.

Güvələr qoxu duyğularını istifadə edərək nələrin qida dəyəri daşıdığını, nələrin zərərli ola biləcəyini təsbit edərlər. Bununla yanaşı, iybilmənin güvələr üçün zəruri bir əhəmiyyəti daha vardır. Cütləşmə zamanı gəldiyində dişi güvə xüsusi bir feromon ifraz edər, erkək güvə də bunu qəbul edər və qaynağına doğru uçaraq dişinin yerini tapar. Burada üzərində dayanılmalı olan bir nöqtə vardır. Erkək güvə qoxunu təqib edərək kilometrlərlə məsafədəki dişiyə çatar. Məsələn, erkək ipək güvəsi 20 kilometr hətta daha çox uzaqlıqdakı dişilərinin feromonunu qəbul edə bilir.. Şübhəsiz, bu kiçik canlılardakı qoxu orqanlarının üstün həssaslığı göz qamaşdırıcıdır.

Burada ehtimalla belə bir sual ağıla gələ bilər: Bir erkək güvə eyni bölgədəki on minlərlə hətta yüz minlərlə fərqli güvə növü arasından öz dişisini qarışdırmadan necə tapa bilər? Məhz bu sualın cavabı da güvənin həssas iybilmə xüsusiyyətindədir. Bir nümunə verək: Şimali Amerikada yaşayan bir güvə növünün ("Helicoverpa zea") erkəyi, aralarında 1 millimetrdən çox bir açıqlıq olmayan iki fərqli feromon qaynağını ən çox 0.001 saniyədə ayırd edə bilər. 

Tədqiqatçılar güvələrin qoxu orqanına, yəni antenasına kiçik bir alıcı yerləşdirərək bəzi təcrübələr aparmışlar. Bir tunelin içində feromona doğru uçan erkək güvənin antenasının beyninə göndərdiyi elektrik siqnalları yazılmışdır. Güvə feromon buluduyla qarşılaşan kimi, antenasından gələn siqnalların dəyişdiyi müşahidə edilmişdir. Berlin Nevrobiologiya İnstitutundan Giovanni Galizia güvənin iybilmə sisteminin qüvvətli küləkdə qoxuları tutmağa ən əlverişli vəziyyətdə ola biləcəyini ifadə edir. Bir neçə millimetrlik bu canlıdakı mükəmməl sistem açıq-aşkar bir yaradılış möcüzəsidir.


Arıların İyləyərək Xəbərləşmələri


Arıların öz aralarındakı rabitə üsullarından biri feromonlardır. Bir arı kaloniyasında on minlərlə arı öz aralarında feromon ifraz edər, digər bir ifadə ilə kimyəvi siqnallar vasitəsilə ünsiyyət qurarlar. (Qarışqalar da bənzər şəkildə xəbərləşərlər.) Arılar öz koloniyalarına aid olan digər arıları qoxularından tanıyarlar; koloniya xaricindən bir arı şana girməyə çalışsa, fərqli qoxusundan dərhal tanınar və şandan atılar. Bir çiçəyin nektarını çəkən arı onu xüsusi bir qoxuyla işarələyər; digər arılar da bu qoxunu fərq edər, beləcə vaxt və enerji itirməzlər.

Hər arı feromonların daşıdığı mesajları başa düşəcək iybilmə sisteminə malikdir. İybilmə hüceyrələri antenalarda yerləşir. Arılar üzərində tədqiqatlar aparan Sathees Chandra, arıların iybilmədə son dərəcə müvəffəqiyyətli olduqlarını dilə gətirir. Arıların bal düzəltmələri üçün nektara ehtiyacları vardır. Buna görə bir çox fərqli çiçəyi ziyarət edər və qısa müddətdə hansılarının ən çox nektar verdiyini öyrənərlər.

Haqqında danışdığımız həqiqəti göz qarşısında saxlayan elm adamları belə bir nəticəyə gəlmişlər: arılarda, çiçəklərin qoxularını tanımağı təmin edən xüsusi bir mexanizm vardır. Bu mexanizm sayəsində çiçəklərdən aldıqları qoxu məlumatlarını "təhlil" edir və hansılarının özlərinə lazım olan nektarı daha yaxşı verə biləcəyini başa düşürlər. Bu kiçik canlıların iyləyərkən bu qədər şüurlu və ağıllı davranmalarının tək bir izahı var. Arılar da kainatdakı hər canlı kimi Allahın diləməsiylə var olmuşlar və yenə Onun ilhamı ilə hərəkət edirlər. Quranda, bu vəziyyət belə xəbər verilir:


Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır.(Nəhl surəsi, 68-69)


 << Geri